Sonntag, 6. Januar 2013


 

Əsgi Dəyirman

Farsca yaza-yaza farslaşırıq biz.
Fars rasistlər ilə dostlaşırıq biz.
Artırırıq farsın xəzinəsinə,
Özümüz təməldən sustlaşırıq biz.

Bu ağır ləkədir bir həqarətdir,
Ömür boyu bunu daşıyırıq biz.
Bu yaşamaq deyil, zülüm-zillətdir,
Adını qoymuşuq yaşıyırıq biz.

Niyə bu zillətə biz qatlaşırıq?
Olmaya zillətə alışmışıq biz!
Bəlkə günü-gündən manqurtlaşırıq,
Manqurtlaşmaq ilə barışmışıq biz!

Farsca yazırıq biz nisgilimizi,
Biri bilərəkdən, biri bilmədən .
Qırağa qoymuşuq öz dilimizi,
Özgənin dilində yazırıq nədən?

Məgər az ağladı o Qaraçorlu,
Bulut
un gözündən yaş az ələndi?
Məgər söyləmədi o işıqyollu,
Ədəbin şahdağı, şanlı Səhənd i?

“Özgə çırağına yağ olmaq bəsdir,
Doğma ellərimiz qaranlıqdadır,
Yanıb yandırmayaq yadın ocağın,
Evimiz soyuqdur, qışdır, şaxtadır.”

“Demirəm yanmıyaq, əlovlanmıyaq,
Yanmasın, neyləsin yazıq pərvanə?
Yanmıyaq vıfasız yarın oduna,
Yanaq elimizə yanaq vətəvə!”

Yazmaq meylin varsa öz dilində yaz.
Elə yaz ananda qoy başa düşə.
Dəyişmə dilini olma yaramaz,
Heç canli istəməz dilin dəyişə.

Türkcə yaz elində qoy başa düşsün.
Elə sadə yaz ki hamı anlasın.
Hansı canlı gördün dilin dəyişsin,
Xoruz miyovlasın pişik banlasın?

Kim gördü dünyada at qod-qod diyə,
Ya toyuq kişniyə, köpək məliyə,
Əlbət ki hər canlı öz olmaq istər,
Bilməm bəzi adam istəmir niyə?

İndi ki öz olmaq mutlu olmaqdır,
Məndə deyirəm ki gəlin öz olaq.
Mənası bu sözün özgür olmaqdır,
Özgür bir ocaqda yanar köz olaq.

Öz olmaq mümkündür deyil ki yalan.
Səncə öz olmağın çağı deyilmi?
Səhənd in sözünü qurbətə salan,
Özgə lampasının yağı deyilmi?

İnsanın varlığı bir ana dildi,
Hər kəsin öz dili öz anası var.
Fars dili dilləri öldürən dildi,
Bu dildə yazmağın nə mənası var?

Türkcə yaz, haqqımda bir qarqış de sən,
Sanma inciyərəm səndən küsərəm.
Məni haqlandırıb bir alqış desən,
Belə qələminə qurban kəsərəm.

Deməm kimsə Turkcə boyum oxşasın,
Sövsəndə zövqdən dolub daşaram.
Ancaq istəyirəm dilim yaşasın,
çün dilim yaşasa məndə yaşaram.

Yazıqlar olsun ki yüz ildən sora,
Biz öz kəlləmizlə düşürük tora.
“Səbr ilə qoradan halva yeyənlər”,
Nədənsə yuz ildi pişməz bu qora?
 
Tikanlı yollardan keçib gedərək,
Uzaq çeşmələrdən su daşıyırıq.
Fars dəyirmanina suyu tökərək,
Coşuruq, daşırıq, zövq yaşıyırıq!

Dəyirman güclənir, dönür-dolanir,
Bizim gücümüzdən, əməyimizdən.
kaş bir güc olaydı dayan- dur diyə,
Yapışaydı bizim biləyimizdən.

Dayanin! bu əsrin Koroğluları,
Kəmində yatıblar dil öldürənlər.
Həryanı qapsayıb dil oğruları,
Can qurtarabilməz bura girənlər.

Ayıq-sayıq olun, göz açıb baxın!
Əman əldən gedər göz yumulanda.
Saqının! xamlığı atın, buraxın,
Keçəl Həmzələr var bu dəyirmanda.

Hələdə bilmirik bu dəyirmanda,
Əzilibdartılan hansi bir dəndi.
Düşman nə olduğu qalsın biryanda
Suçlarin çoxuda özümüzdəndi.

Türk şairi bugün Türkcə yazmasa
Bu məntiqə sığmaz bir soxa-soxdur
Bugün bir ziyalı bunu qanmasa,
Üçlük lampa qədər ziyası yoxdur.

Çün o dəyirmanda bizim Atamız,
Dartılır əzilir bir “pedər” olur.
Niyə “madər” olur gözəl Anamız
Əziz qardaşımız “bəradər” olur?

Oğlumuzun adın “Daryuş” qoysaqda,
Söz əslə gələndə “Türkəxər” olur.
Türk yazarlarımız çoxu dustaqda,
Ya qaçır yurdundan dərbedər olur.

Mən heçvaxt demədim Fars namərd olur.
Beşi namərd olsa, beşi mərd olur.
Türk bacım-qardaşım Farsca yazanda,
Bax! bugün bu mənə yaman dərd olur.

Demirəm Fasların hamısı pisdi,
Onları bugünə salan rasistdi.
Onlara zülm olur bizə daha çox,
Böyük bir zindanda oda həbisdi.

Onların içində dostumda çoxdur,
Amma ziyalısın qınamaq gərək.
Mənim milli-dərdim onlarda yoxdur,
Amma dost olduğun sınamaq gərək.

Məndə Fars xalqına çox hörmətdə var,
Qohumdan az deyil qonşu hörməti.
Amma ki burda bir həqiqətdə var,
Gözdən qaçırmayaq bu həqiqəti.

Farsın əvamıda, ziyalısıda,
Bir yalnış düzəndən barinmaqdadır.
“Demokratı”da, riyalısıda,
Hələdə rasistə yarınmaqdadır.

Əvamla işim yox, məni yandıran,
“Demokrat” dostların yarinmasıdır.
Onlardan istəyim, haqdan yanduran,
Yersiz ağalıqdan arınmasıdır.

Kərim Mamağanlı

 

Keine Kommentare:

Kommentar veröffentlichen